Yunanıstanın paytaxtı Afinanın qərbində davam edən genişmiqyaslı meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam edir. Təhlükənin artması səbəbindən bəzi yaşayış məntəqələrinin sakinlərinə mobil telefonlar vasitəsilə xəbərdarlıq göndərilərək təhlükəsiz ərazilərə təxliyə olunmaları tövsiyə edilib.
Redaksiya.az TRTHABER-ə istinadən xəbər verir ki, Yunanıstan Dövlət Televiziyasının (ERT) məlumatına görə, Kandili, Luba və Morfeika bölgələrinin sakinləri 112 təcili xəbərdarlıq sistemi vasitəsilə göndərilən bildirişlər əsasında təxliyə olunublar.
Bildirilir ki, istiqaməti tez-tez dəyişən güclü külək yanğınsöndürənlərin işini xeyli çətinləşdirir.
"Kathimerini" qəzetinin yaydığı məlumata əsasən, Afina və Attika ətrafında meşə yanğını riski ikinci ən yüksək təhlükə kateqoriyası olan 4-cü risk səviyyəsinə qaldırılıb.
Ölkənin Lamya şəhəri yaxınlığında da yeni yanğın ocağı qeydə alınıb. Əraziyə 77 yanğınsöndürən, 19 xüsusi texnika və 7 hava vasitəsi cəlb olunub.
Hazırda Yunanıstanın müxtəlif bölgələrində, o cümlədən materik hissəsində, Afina, Viotiya, Krit adasının Retimno bölgəsi və Paros adasında ümumilikdə 73 aktiv meşə yanğını qeydə alınıb.
Peyk görüntülərinə əsasən, yanğınlar Melabes və Preveli əraziləri də daxil olmaqla 5 700 hektardan çox sahəni əhatə edib.
