AVRO-2032 Türkiyə və İtaliyada keçiriləcək

AVRO-2032 Türkiyə və İtaliyada keçiriləcək

Fərid Əlizadə · Media ·

İtaliya Futbol Federasiyası Türkiyə ilə birgə keçiriləcək AVRO-2032 çərçivəsində ölkənin ev sahibliyi edəcək beş stadionunu müəyyənləşdirmək üçün 13 şəhər və 16 stadionun namizədliyini açıqlayıb.

Redaksiya xəbər verir ki, Bari, Bolonya, Kalyari, Florensiya, Genuya, Leççe, Milan, Neapol, Palermo, Roma, Salerno, Turin və Verona şəhərləri rəsmi namizədlik sənədlərini təqdim ediblər. Yekun stadion siyahısının 1 oktyabr 2026-cı ildə UEFA-ya təqdim olunacağı gözlənilir.

Namizəd obyektlər arasında hazırkı vəziyyətdə turniri qəbul etməyə tam hazır olan yeganə stadion kimi “Yuventus”un “Allianz” arenası göstərilir. Romada Olimpiya Stadionunun yenilənməsi, “Roma” klubunun Pietralata bölgəsində yeni arena tikməsi və “Latsio”nun “Flaminio” stadionunu bərpa etməsi ilə bağlı üç layihə nəzərdən keçirilir.

Neapol şəhəri həm Dieqo Armando Maradona stadionunun modernləşdirilməsini, həm də yeni stadion layihəsini namizəd kimi təqdim edib. İtaliya mətbuatında Milan klublarının ortaq yeni stadionu, Roma Olimpiya Stadionu və Turin “Allianz” arenası əsas favoritlər sırasında göstərilir.

İtaliyanın İdman və Gənclər naziri Andrea Abodi 13 şəhərdəki 16 stadion layihəsi üçün təxminən 4,5 milyard avro özəl sərmayənin planlaşdırıldığını bildirib. İtaliyanın seçəcəyi beş stadion Türkiyənin müəyyənləşdirəcəyi beş arena ilə birlikdə AVRO-2032-nin ümumilikdə 10 ev sahibi stadionunu təşkil edəcək.