ABŞ Prezidenti Donald Trampın Venesuelanın neft sektoruna Amerika sərmayələrini sürətlə cəlb etmək planı gözlənilən nəticəni verməyib. Nikolas Maduronun ABŞ əməliyyatı nəticəsində ələ keçirilməsindən təxminən səkkiz ay keçməsinə baxmayaraq, Amerika neft şirkətləri ilə yeni hasilat müqavilələrinin bağlanmadığı bildirilir. Bu barədə “Axios” məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, ABŞ rəsmiləri prosesin ləngiməsinə görə Energetika Nazirliyini tənqid edirlər. Keçmiş Ağ Ev müşaviri Maurisio Klaver-Karone daha kiçik Amerika şirkətlərinin ağır şərtlərlə üzləşdiyini və xarici neft nəhəngləri qarşısında əlverişsiz vəziyyətə düşdüyünü bildirib.
“ExxonMobil” və “ConocoPhillips” kimi böyük şirkətlərin də Venesuelaya yeni sərmayə yatırmağa ehtiyatla yanaşdığı qeyd olunur. Buna geosiyasi qeyri-müəyyənlik, köhnəlmiş infrastrukturun bərpası üçün tələb olunan böyük vəsait və Uqo Çaves dövründə milliləşdirilmiş aktivlərlə bağlı həll edilməmiş hüquqi iddialar təsir göstərir.
Venesuelanın gündəlik neft hasilatı hazırda təxminən 1,2 milyon barel səviyyəsindədir. Bu göstərici 2025-ci ilin sonundakı səviyyədən cəmi 100 min barel çoxdur və ölkənin nəhəng ehtiyatlarına baxmayaraq, hasilatda əsaslı sıçrayışın baş vermədiyini göstərir.
İyunun 24-də Venesuelada baş verən 7,2 və 7,5 maqnitudalı zəlzələlər də iqtisadi və infrastruktur risklərini artırıb. Təbii fəlakət ölkənin şimal bölgələrində böyük dağıntılara səbəb olub və potensial investorların ehtiyatlı mövqeyini daha da gücləndirib.
