ABŞ fond bazarının ümumi dəyəri avqustun 4-də təxminən 1,25 trilyon dollar artıb. “S&P 500” indeksi 1,8 faiz yüksələrək ticarət gününü 7 736,52 bəndlə yeni tarixi maksimumda başa vurub.
Redaksiya xəbər verir ki, “Dow Jones” indeksi 1,7 faiz artaraq 54 085,88 bəndə, “Nasdaq” isə 2,6 faiz yüksələrək 26 584,99 bəndə çatıb. Hər üç əsas göstəricidə güclü artım qeydə alınıb.
Birjalardakı yüksəlişə şirkətlərin gözləntiləri üstələyən maliyyə nəticələri və neft qiymətlərinin azalması təsir göstərib. Xüsusilə “Palantir” və “Caterpillar” şirkətlərinin hesabatları investorların nikbinliyini artırıb.
“S&P 500”in yeni rekord səviyyəyə çatması ABŞ səhmlərinə tələbin davam etdiyini göstərir. Bununla belə, bazarın sonrakı istiqamətinə şirkətlərin maliyyə göstəriciləri, faiz dərəcələri və geosiyasi proseslərin təsir edəcəyi bildirilir.
