Yunanıstan gələcək enerji siyasəti çərçivəsində nüvə enerjisindən istifadə imkanlarının institusional qiymətləndirilməsinə başlayıb. İyulun 30-da Nazirlər Kabineti bu məqsədlə nazirliklərarası komitənin yaradılmasını təsdiqləyib. Bu barədə “Kathimerini” məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, komitə nüvə energetikasının texniki, iqtisadi, ekoloji, hüquqi və sosial aspektlərini araşdıracaq. Hər hansı yekun qərarın yalnız geniş qiymətləndirmə başa çatdıqdan sonra qəbul ediləcəyi bildirilir.
Araşdırma zamanı nüvə obyektlərinin tikinti və istismar xərcləri, təhlükəsizlik tələbləri, radioaktiv tullantıların idarə olunması və mövcud enerji sisteminə inteqrasiya imkanları nəzərdən keçiriləcək.
Komitənin işi Yunanıstanın enerji təhlükəsizliyinin gücləndirilməsi və elektrik istehsalının uzunmüddətli planlaşdırılması ilə əlaqələndirilir. Bununla belə, hökumətin nüvə elektrik stansiyası tikintisi barədə hələ qərar qəbul etmədiyi vurğulanır.
