Yeni nəsil “Mercedes-Benz GLA” təqdim edilib

Yeni nəsil “Mercedes-Benz GLA” təqdim edilib

Sevinc Kərimova · Media ·

“Mercedes-Benz” şirkəti GLA modelinin yeni nəslini təqdim edib. Avtomobil elektrik və hibrid güc qurğuları, yenilənmiş dizayn və süni intellekt əsaslı multimedia sistemi ilə təchiz olunub.

Redaksiya xəbər verir ki, yeni MBUX sistemi ChatGPT və Gemini texnologiyalarından istifadə edən virtual köməkçiyə malikdir. Sistem marşrut planlaşdırmaq, enerji doldurma məntəqələrini tapmaq və avtomobilin müxtəlif funksiyalarını səsli əmrlərlə idarə etmək imkanları təqdim edir.

Modelin elektrik versiyalarının gücü təchizatdan asılı olaraq təxminən 224–354 at qüvvəsi arasında dəyişir. Daha güclü variantın saatda 100 kilometr sürətə 5,4 saniyəyə çatdığı, maksimum yürüş ehtiyatının isə 643 kilometrədək olduğu bildirilir.

Yeni GLA-nın elektrik versiyalarında yüksək sürətli enerji doldurmanı dəstəkləyən 800 voltluq arxitekturadan istifadə olunur. Avtomobilin salonunda geniş rəqəmsal ekranlar, ağıllı naviqasiya və sürücüyə yardım sistemləri də yer alır.

Modelin Avropada satışına başlanıldığı, ilkin qiymətin isə 48 min 600 avrodan başladığı bildirilir. GLA ailəsinə sonrakı mərhələdə benzin mühərriki və 48 voltluq elektrik sistemi ilə təchiz edilən hibrid versiyaların da əlavə olunması nəzərdə tutulur.