Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov yeni üzvləri partiya sıralarına qoşulmaları münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Bölgə müxbiri xəbər verir ki, Zahir Qəhrəmanov çıxışında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və siyasi irsə sadiqliyin, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin əhəmiyyətindən bəhs etmişdir. Bildirmişdir ki, Yeni Azərbaycan Partiyası xalqın etimadını qazanan, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan siyasi qüvvədir və partiya sıralarına qoşulan hər bir üzv bu etimadı doğrultmaq üçün yüksək məsuliyyət nümayiş etdirməlidir.
Sədr yeni üzvlərə partiyanın Nizamnamə və Proqramının əsas müddəalarını diqqətə çatdırmış, onların təşkilatın fəaliyyətində fəal iştirak etmələrinin, dövlətçilik dəyərlərinə, milli maraqlara və milli həmrəyliyə sadiq olmalarının vacibliyini vurğulamışdır. O, gənclərin və yeni üzvlərin təşəbbüskarlığının partiyanın gələcək inkişafında mühüm rol oynadığını qeyd edərək, onların bilik və bacarıqlarını ölkəmizin tərəqqisinə xidmət istiqamətində səfərbər edəcəklərinə əminliyini ifadə etmişdir.
Çıxışın sonunda yeni üzvlər partiya sıralarına qəbul olunmalarından məmnunluqlarını ifadə etmiş, Yeni Azərbaycan Partiyasının ideya və prinsiplərinə sadiq qalaraq dövlətimizin və cəmiyyətimizin inkişafı naminə fəal fəaliyyət göstərəcəklərini bildirmişlər.
Görüşün sonunda xatirə şəkili çəkdirilib.
