Rusiya Prezidenti Vladimir Putin ölkədə kriptovalyutaların qanuni dövriyyəsini tənzimləyən qanunu imzalayıb. Sənəd rəqəmsal valyutaları əmlak kimi tanıyır, onların alqı-satqısı və saxlanması ilə bağlı tələblər müəyyənləşdirir. Bu barədə “RİA Novosti” məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Rusiya vətəndaşları yerli birjalar vasitəsilə kriptovalyutalara qanuni şəkildə sərmayə yatıra, brokerlərin, etibarlı idarəçilərin və mübadilə xidmətlərinin imkanlarından istifadə edə biləcəklər. Sahəyə nəzarət və tənzimləmə Rusiya Mərkəzi Bankına həvalə olunacaq.
Qanuna əsasən, kriptovalyutaların uçotu və saxlanması Mərkəzi Bankın reyestrinə daxil ediləcək depozitarlar tərəfindən həyata keçiriləcək. Həm peşəkar, həm də qeyri-peşəkar investorlar müvafiq testdən keçdikdən sonra birjalarda rəqəmsal valyuta ala biləcəklər.
100 min rubldan yuxarı məbləğdə kriptovalyutanın qeyri-kastodial pulqabılara köçürülməsi zamanı 48 saatlıq gözləmə müddəti tətbiq ediləcək. Xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərə isə müxtəlif kriptovalyuta və stabilkoinlərdən istifadə imkanı veriləcək.
Qanunun əsas müddəaları 1 sentyabr 2026-cı ildən qüvvəyə minəcək. Kriptovalyuta mübadilə xidmətləri 1 iyul 2027-ci ilədək Mərkəzi Bankın reyestrinə daxil edilmədən fəaliyyət göstərə biləcəklər.
