Wi-Fi 8 əvvəlki nəsillərdən fərqli olaraq əsas diqqəti maksimum sürətin artırılmasına deyil, bağlantının sabitliyi və etibarlılığına yönəldəcək. Bu barədə XDA Developers məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, yeni standartın əsas məqsədi real istifadə şəraitində daha stabil bağlantı təmin etmək, siqnal zəifləməsi və şəbəkə sıxlığı zamanı performans itkisini azaltmaqdır.
Wi-Fi 8-də maksimum nəzəri sürət göstəricilərinin Wi-Fi 7 ilə müqayisədə kəskin dəyişməsi gözlənilmir. Bunun əvəzinə gecikmənin, məlumat paketlərinin itirilməsinin və bağlantının qopması hallarının azaldılmasına üstünlük veriləcək.
Yeni standart xüsusilə eyni anda çoxlu smartfon, kompüter, televizor, kamera və ağıllı ev cihazının qoşulduğu şəbəkələr üçün nəzərdə tutulur.
Wi-Fi 8-in mesh sistemlərində bir giriş nöqtəsindən digərinə keçidi də daha stabil etməsi gözlənilir. Standartın hazırlanması davam edir və yekun təsdiqin təxminən 2028-ci ildə verilməsi planlaşdırılır.
