İstehsalçılar bəzi məhsulları təmir etməyə məcbur olacaq

İstehsalçılar bəzi məhsulları təmir etməyə məcbur olacaq

Fərid Əlizadə · Media ·

İrlandiyada istehlakçıların məhsulları dəyişdirmək əvəzinə təmir etdirməsini asanlaşdıran yeni “təmir hüququ” qaydaları qüvvəyə minib. Qaydalar Avropa İttifaqının malların təmirini təşviq edən direktivinin İrlandiya qanunvericiliyinə tətbiqini nəzərdə tutur. Bu barədə RTE məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, müəyyən məhsullar üzrə istehsalçılar zəmanət müddəti bitdikdən sonra da təmir xidmətləri təqdim etməli olacaqlar. Təmirin mümkün olduğu hallarda bu xidmət ya pulsuz, ya da məqbul qiymətə və uyğun müddət ərzində həyata keçirilməlidir.

Yeni sistem çərçivəsində istehlakçılara təmir xidmətlərinin qiyməti və şərtləri barədə standartlaşdırılmış Avropa Təmir Məlumat Forması təqdim ediləcək.

İrlandiyada mövcud RepairMyStuff platformasının da genişləndirilərək milli təmir platformasına çevrilməsi planlaşdırılır. Bu sistem istehlakçılara yaxınlıqdakı təmir xidmətlərini daha asan tapmağa kömək edəcək.

Qaydaların əsas məqsədi məhsulların istifadə müddətini uzatmaq, vaxtından əvvəl yenisi ilə əvəz edilməsini azaltmaq və elektron tullantıların həcmini aşağı salmaqdır. Eyni zamanda yerli təmir və bərpa sektorunda çalışan kiçik bizneslər üçün yeni imkanların yaranacağı gözlənilir.