ABŞ vitse-prezidenti Cey Di Vens Kanada ilə bağlı çıxışında əvvəlcə ölkəni səhvən “ştat” adlandırıb, daha sonra bunun dil sürüşməsi olduğunu deyərək Kanadanın müstəqil dövlət olduğunu vurğulayıb.
Redaksiya xəbər verir ki, Vens Kanadanın uzun illər hərbi sahəyə kifayət qədər sərmayə yatırmadığını bildirib və ölkənin təhlükəsizliyinin böyük ölçüdə ABŞ-nin müdafiə çətirindən asılı olduğunu iddia edib.
Vens həmçinin Kanadanı Çin mallarının ABŞ bazarına dolayı yolla daxil olması üçün “arxa qapı” rolunu oynamaqda ittiham edib. Onun sözlərinə görə, Ottawa Çin məhsullarına daha əlverişli yanaşır və Vaşinqton Kanadadan bu siyasəti dayandırmağı tələb edib.
ABŞ vitse-prezidenti ticarət danışıqlarının son mərhələsində Kanada tərəfinin bir sıra qəbuledilməz və son dəqiqə tələbləri irəli sürdüyünü də bildirib.
Vens sonda Kanada Baş nazirinə müraciət edərək, “Amerikadan faydalanmağı dayandırın. Bu bitdi”, deyə bəyan edib.
