Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ və Argentinanı təşkilatdan çıxmaq qərarlarına yenidən baxmağa çağırıb. O bildirib ki, qlobal səhiyyə böhranları ölkələrin təkbaşına həll edə biləcəyi məsələ deyil.
Redaksiya ÜST və Anadolu Agentliyinə istinadla xəbər verir ki, Tedros son hadisənin Vaşinqton və Buenos-Ayresi qərarlarını yenidən nəzərdən keçirməyə sövq edəcəyinə ümid etdiyini deyib. Onun sözlərinə görə, sağlamlıq təhlükələri qarşısında ən güclü müdafiə mexanizmi beynəlxalq həmrəylikdir.
Tedros qeyd edib ki, viruslar siyasət, sərhəd və bəhanə tanımır. O vurğulayıb ki, pandemiyalar və yoluxucu xəstəliklər qarşısında informasiya mübadiləsi, erkən xəbərdarlıq sistemləri və ölkələrarası koordinasiya həyati əhəmiyyət daşıyır.
ÜST rəhbəri daha əvvəl də ABŞ və Argentinanın təşkilatdan çıxmaq qərarlarının həm həmin ölkələri, həm də dünyanı daha təhlükəsiz deyil, daha həssas vəziyyətə salacağını bildirmişdi.
Vaşinqton və Buenos-Ayres ÜST-dən çıxmaq qərarlarını təşkilatın COVID-19 dövründəki fəaliyyəti, islahatların yetərsizliyi və qurumun siyasiləşməsi ilə əsaslandırıb. ÜST isə bu arqumentləri rədd edir və qlobal səhiyyə təhlükəsizliyi üçün üzv ölkələrin birgə fəaliyyətinin zəruri olduğunu bildirir.
