ABŞ məhkəməsi Trampın 75 ölkə üzrə viza qadağasını ləğv edib

ABŞ məhkəməsi Trampın 75 ölkə üzrə viza qadağasını ləğv edib

Aytac Dəniz · Media ·

ABŞ-də federal hakim Tramp administrasiyasının 75 ölkənin vətəndaşlarına immiqrant vizalarının verilməsini dayandıran siyasətini ləğv edib. Hakim qərarın qanuna zidd olduğunu və dövlət katibi Marko Rubionun səlahiyyətlərini aşdığını bildirib. Bu barədə CNN məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, məhdudiyyət ailə birləşməsi və iş məqsədilə ABŞ-də daimi yaşamaq istəyən şəxslərə verilən immiqrant vizalarını əhatə edirdi. Turist və tələbə vizaları kimi qeyri-immiqrant vizaları isə bu qadağaya daxil deyildi.

Manhettendə federal hakim Cennet Varqas müəyyən edib ki, konsulluq əməkdaşlarına müraciət edən şəxslərin fərdi maliyyə vəziyyətini, sağlamlığını, yaşını və digər amilləri qiymətləndirmək əvəzinə yalnız vətəndaşlığına əsasən viza verməmək tapşırılmışdı.

Qərarla yalnız bu siyasətə əsasən verilmiş imtinaların qüvvədən düşməsi və müraciətlərin normal immiqrasiya qanunları çərçivəsində yenidən nəzərdən keçirilməsi nəzərdə tutulur. Digər hüquqi əsaslarla verilmiş viza imtinaları qüvvədə qalır.

Tramp administrasiyasının qərardan apellyasiya şikayəti vermək hüququ var. Məhkəmə tərəflərə işin qalan hissələrinin necə həll olunması ilə bağlı təkliflərini təqdim etmək üçün sentyabrın 11-dək vaxt verib.