İranla əlaqəli olduğu bildirilən hakerlər Böyük Britaniyada elektrik enerjisi istehsal edən obyektlərdən birinə kiberhücum həyata keçirərək onun fəaliyyətini dörd gün müddətinə dayandırıblar. Bu barədə The Telegraph məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, hücum nəticəsində enerji obyektinin bəzi sistemləri sıradan çıxıb və müəssisə bir neçə gün normal fəaliyyət göstərə bilməyib.
Hadisənin İranla əlaqəli haker qrupu tərəfindən törədildiyi bildirilir. Bununla belə, hücumun birbaşa İran hökumətinin göstərişi ilə həyata keçirildiyinə dair məlumat açıqlanmayıb.
Britaniya tərəfinin hücumun miqyası, obyektin adı və dəymiş zərərin həcmi ilə bağlı əlavə təfərrüatları məhdud saxladığı qeyd olunur. Hadisə ölkənin kritik enerji infrastrukturunun kibertəhlükəsizliyi ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.
