Tramp prokuroru işdən çıxarmaqla hədələyib

Tramp prokuroru işdən çıxarmaqla hədələyib

Könül Məmmədova · Media ·

ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Linkoln Memorialının Əksolunma hovuzu ilə bağlı cinayət işinin dayandırılmasından sonra Kolumbiya dairəsinin baş federal prokuroru Cinayn Pirronu işdən çıxarmaqla hədələyib. Bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Tramp prokurorluğun keçmiş olimpiyaçı Devid Hörn və daha üç nəfər barəsindəki ittihamları geri götürməsindən narazı qalıb. Prezident Pirronun məhkəmənin təzyiqi qarşısında “çətir kimi qatlandığını” deyərək onu açıq şəkildə tənqid edib.

Devid Hörn hovuzun dibinə çəkilmiş yeni örtüyün bir hissəsini qoparmaqda və dövlət əmlakına ziyan vurmaqda ittiham olunurdu. Ona qarşı irəli sürülmüş ağır cinayət ittihamı üzrə 10 ilədək həbs cəzası nəzərdə tutulurdu.

Sonrakı araşdırma zamanı hovuzdakı zədələrin ziyarətçilərin hərəkətləri ilə deyil, yenidənqurma işlərindəki texniki və konstruktiv qüsurlarla bağlı olduğu müəyyənləşdirilib. Bundan sonra prokurorluq Hörnə və digər üç nəfərə qarşı ittihamların ləğv edilməsinə qərar verib.

Məlumata görə, Tramp Pirronun bu qərarını özünə qarşı xəyanət kimi qiymətləndirib. Prokurorluq isə mövcud sübutların təqsirləndirilən şəxslərin örtüyə qəsdən ziyan vurduğunu təsdiqləmədiyini bildirib.