“Tiktok”dakı tibbi videoların 40 faizi Sİ ilə yaradılıb

“Tiktok”dakı tibbi videoların 40 faizi Sİ ilə yaradılıb

Aytac Dəniz · Media ·

“Tiktok”da ən çox izlənilən sağlamlıq videolarının 40 faizinin süni intellekt vasitəsilə yaradıldığı müəyyən edilib. Araşdırmada bu məzmunların bir çoxunda yanlış tibbi məsləhətlər, elmi əsası olmayan müalicə üsulları və saxta həkim obrazlarının yer aldığı bildirilib. Bu barədə Britaniyanın “Hallam” şirkətinin araşdırmasında qeyd olunub.

Redaksiya istinadla xəbər verir ki, “sağlamlıq məsləhətləri” üzrə aparılan axtarışlarda ilk sıralarda göstərilən videoların 84 faizində Sİ ilə yaradılmış görüntülər aşkarlanıb. Bəzi videolarda rəqəmsal həkimlər mövcud olmayan preparatları tövsiyə edib, gündəlik məhsulların xərçəng yaratdığı barədə sübutsuz iddialar səsləndiriblər.

Araşdırmaçılar bu videoların bir hissəsinin həqiqi həkimlərin görünüşünü və səsini icazəsiz təqlid etdiyini bildiriblər. Məzmunların əksəriyyətində onların Sİ ilə hazırlandığı barədə aydın xəbərdarlıq yerləşdirilməyib.

Mütəxəssislər saxta tibbi tövsiyələrin insanların düzgün müalicədən imtina etməsinə, təhlükəli üsullara əl atmasına və həkimə müraciəti gecikdirməsinə səbəb ola biləcəyini vurğulayıblar. “Tiktok” isə zərərli tibbi dezinformasiyanı qadağan etdiyini və qaydaları pozan məzmunları platformadan sildiyini bildirib.