“Telegram” messenceri avqustun 3-də bir müddət “Apple”ın “App Store” mağazasında əlçatmaz olub. Tətbiqin ən azı Rusiya və ABŞ regionlarında axtarış nəticələrində görünmədiyi, səhifəsinə keçid zamanı isə xəta mesajı göstərildiyi bildirilib.
Redaksiya xəbər verir ki, “Telegram” sonradan tətbiqin “App Store”da bərpa olunduğunu açıqlayıb. Messencerin mağazadan müvəqqəti yoxa çıxmasının səbəbi barədə ətraflı məlumat verilməyib.
Hadisə zamanı tətbiqi əvvəldən quraşdırmış istifadəçilərin messencerdən istifadəsinə maneə yarandığı barədə məlumat verilməyib. Problem əsasən proqramı yenidən yükləmək və ya ilk dəfə quraşdırmaq istəyən şəxslərə təsir edib.
“Apple” məsələ ilə bağlı rəsmi açıqlama yaymayıb. Buna görə tətbiqin texniki nasazlıq, regional məhdudiyyət və ya mağazanın yoxlama proseduru səbəbindən əlçatmaz olduğu hələ məlum deyil.
