SpaceX şirkətinin yeni Starmind peykləri vasitəsilə orbitdə Sİ məlumat mərkəzləri yaratmağa hazırlaşdığı bildirilir.
Redaksiya xəbər verir ki, planlara əsasən, hər bir Starmind peykində NVIDIA-nın Vera Rubin arxitekturasına əsaslanan 72 Rubin GPU və 36 Vera CPU yerləşdirilə bilər. Avadanlığın SpaceX tərəfindən hazırlanan daha yüngül, sıx və sadələşdirilmiş xüsusi sistemdə işləməsi nəzərdə tutulur.
Layihə adi hesablama çipləri daşıyan peyklərdən fərqli olaraq orbitdə məlumat mərkəzi səviyyəsində hesablama gücü yaratmağı hədəfləyir. Peyklərin günəş enerjisi ilə işləməsi, emal edilmiş məlumatların isə Starlink-in lazer rabitə sistemi vasitəsilə Yerə ötürülməsi planlaşdırılır.
SpaceX-in eyni xüsusi avadanlıq konstruksiyasından yerüstü məlumat mərkəzlərində də istifadə etməyi nəzərdə tutduğu bildirilir. İlon Mask isə şirkətin NVIDIA ilə eksklüziv işlədiyini deyib.
Şirkətin Grok üçün yerüstü hesablama gücünü 2 GVt-dan 10 GVt-a çatdırmaq və uzunmüddətli perspektivdə Starmind şəbəkəsini 1 milyona qədər peykə genişləndirmək imkanını nəzərdən keçirdiyi qeyd olunur. İlk Starmind buraxılışının 2027-ci ilin dördüncü rübünə planlaşdırıldığı bildirilir.
