Fransanın Prezidenti Emmanuel Makron və İtaliyanın keçmiş baş naziri Mario Draqinin 2022-ci ilin iyununda Almaniyanın sabiq kansleri Olaf Şoltsu Ukraynanın Avropa İttifaqına üzvlük perspektivini dəstəkləməyə razı saldığı bildirilib. Bu barədə İtaliyanın Ukraynadakı keçmiş səfiri Pyer Françesko Zatso “Avropa Pravda” nəşrinə müsahibəsində danışıb.
Redaksiya istinadla xəbər verir ki, Zatsonun sözlərinə görə, Şoltsu razı salmaq işi hələ Kiyevə gedən qatarda başlayıb. Keçmiş səfir danışıqlar zamanı şərab içildiyini və bunun atmosferə “çox kömək etdiyini” bildirib.
Onun sözlərinə görə, həmin görüşdən sonra Şolts Ukraynanın Avropa İttifaqına daxil olmaq planlarını dəstəkləyib. Halbuki bir gün əvvəl Almaniya kansleri bu məsələ ilə bağlı yekun mövqeyini tam müəyyənləşdirməmişdi.
Zatsonun açıqlaması hadisələrin iştirakçılarından birinin xatirəsinə əsaslanır. Şərabın Şoltsun siyasi qərarına birbaşa təsir göstərdiyi barədə müstəqil təsdiq yoxdur.
