İsrailin maliyyə naziri Betsalel Smotriç Qəzzada illərdir təkrarlanan hərbi qarşıdurma dövrlərinin yanlış strategiya olduğunu bildirib. O, İsrailin daha sərt və qəti addım atmalı olduğunu deyib.
Redaksiya xəbər verir ki, Smotriç keçmişdə Qəzzaya təzyiqin artırılması, humanitar yardımın dayandırılması, COVID-19 dövründə peyvəndlərin verilməməsi və blokadanın sərtləşdirilməsi kimi təkliflərin səsləndirildiyini bildirib. Nazir həmin tədbirlərin yalnız yeni qarşıdurma dövrünə, insan tələfatına və əsas vəziyyətin dəyişməməsinə səbəb olacağını düşündüyünü qeyd edib.
Smotriçin sözlərinə görə, İsrail həlledici addım atmadığı müddətdə münaqişəni yalnız idarə etməyə məcbur qalacaq. O, Qəzza zolağının tam nəzarətə götürülməsini və HƏMAS-ın aradan qaldırılmasını tələb edib.
Nazirin açıqlaması İsrail daxilində Qəzza ilə bağlı hərbi və siyasi strategiya ətrafında mübahisələrin davam etdiyi bir vaxtda səsləndirilib. HƏMAS-ın tam məhv edilməsi və Qəzzanın ələ keçirilməsi ilə bağlı çağırışlar beynəlxalq səviyyədə də ciddi müzakirələrə səbəb olur.
