Böyük Britaniyaya qayıdan Şahzadə Harrinin kral ailəsindən üzr gözlədiyi və keçmiş münaqişələrə görə hələ də narazı olduğu bildirilir. Bu barədə Daily Mail məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Harri ilə kral ailəsi arasındakı münasibətlər onun “Ehtiyat” adlı memuarının və bir sıra televiziya müsahibələrinin yayımlanmasından sonra ciddi şəkildə pisləşib.
Harri və həyat yoldaşı Meqan Markl həmin müsahibələrdə kral ailəsinin bəzi üzvlərini irqçilik və onların psixoloji sağlamlıq problemlərinə laqeyd münasibətdə ittiham etmişdilər. Harri memuarında da ailə daxilindəki münaqişələr barədə ətraflı yazmışdı.
Cütlük 2020-ci ildə kral ailəsinin yüksək vəzifəli üzvləri kimi fəaliyyətlərini dayandıraraq ABŞ-yə köçmüşdü. Avqustun 26-da isə Harri və Meqanın iki övladı ilə birlikdə altı ildən sonra yenidən Böyük Britaniyada yaşamağa başladığı bildirilmişdi.
People nəşrinin məlumatına görə, Kral III Çarlz onların geri qayıtmasına baxmayaraq, Sasseks hersoqu və hersoginyasının mövcud statusunun dəyişməyəcəyinə işarə edib.
