Pentaqon hərbi “bloqerləri” informasiya kampaniyasına cəlb edib

Pentaqon hərbi “bloqerləri” informasiya kampaniyasına cəlb edib

Vüsal Şahbazov · Media ·

Pentaqonun böyük onlayn auditoriyaya malik bir neçə konservativ hərbi veteranı gizli şəkildə mülki dövlət vəzifələrinə təyin etdiyi bildirilir. Bu barədə The Washington Post məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, həmin şəxslərin fəaliyyətində ABŞ müdafiə naziri Pit Heqsetin mövqelərinin gücləndirilməsi və Tramp administrasiyasını sərt tənqid edən şəxslərə qarşı informasiya kampaniyalarının aparılması mühüm yer tutur.

Məlumata görə, bu şəxslər arasında ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Rob Meness, Ordunun istefada olan polkovniki Kurt Şlixter və polkovnik Tomas Anderson var. Onların hər biri hərbçi və ya podratçı kimi deyil, mülki dövlət əməkdaşı kimi rəsmiləşdirilib.

Nəşr yazır ki, bu hüquqi status Pentaqona həmin şəxslərin ideoloji və siyasi kommunikasiya fəaliyyəti ilə birbaşa əlaqəsini rəsmən inkar etməyə imkan verir. Bununla belə, onların faktiki olaraq administrasiyanın siyasi gündəliyini təbliğ etdikləri iddia olunur.

The Guardian isə ayrıca olaraq ABŞ Dövlət Departamentinin Cənub-Şərqi Asiyada “Çin təsirinə” qarşı mübarizə üçün bloqerlər və media layihələrinə 11 milyon dollar ayırmağı planlaşdırdığını bildirib. Məbləğin 5 milyon dollarının mesajların yayılması kampaniyasına, 3 milyon dollarının jurnalistlərin hazırlanmasına, daha 3 milyon dollarının isə Vaşinqton və Hyustonda təlim və media istehsalı proqramlarına yönəldilməsi nəzərdə tutulur.