Merts müdafiə xərclərini sosial ödənişlərdən daha vacib sayıb

Merts müdafiə xərclərini sosial ödənişlərdən daha vacib sayıb

Nizami Salmanov · Media ·

Almaniya kansleri Fridrix Merts müdafiə xərclərinin valideyn müavinətlərindən daha prioritet olduğunu bildirib. O, bu barədə ARD telekanalına müsahibəsində danışıb.

Redaksiya xəbər verir ki, Merts Avropada təhlükəsizliyin və azadlığın qorunmasını sosial ödənişlərdən üstün tutduğunu vurğulayıb. Kansler “Azadlığımızı itirsək və Avropada sülh təhlükə altına düşsə, ən səxavətli valideyn müavinətinin nə faydası var?” deyə bildirib.

Müsahibə zamanı Almaniyanın müdafiə sənayesində “qızıl hərisliyi və şampan ab-havası” yarandığı barədə irada cavab verən Merts silah satınalmalarının yenidən nəzərdən keçiriləcəyini deyib.

Kanslerin sözlərinə görə, Berlin Kiyevlə birlikdə daha ucuz silah sistemlərinin hazırlanması və istehsalı üzərində işləməyi planlaşdırır.

Almaniya hakimiyyəti son illərdə müdafiə xərclərini artırmağa və Bundesverin şəxsi heyətini genişləndirməyə çalışır. Bununla yanaşı, genişmiqyaslı hərbi qəbul prosesi təlim üçün silah çatışmazlığı, bəzi kazarmalarda isə köhnəlmiş infrastruktur və sanitariya problemlərini üzə çıxarıb.