Rusiyada taun hadisəsindən sonra xəstəxana karantinə alınıb

Rusiyada taun hadisəsindən sonra xəstəxana karantinə alınıb

Aytac Dəniz · Media ·

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyindən laboratoriya əməkdaşının ölümündən sonra təxminən 200 nəfər tibbi müşahidəyə götürülüb. Ölən qadının İrkutsk Taun Əleyhinə İnstitutunun əməkdaşı olduğu bildirilir. Bu barədə The Moscow Times məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, 27-28 yaşlı laboratoriya əməkdaşı ağır pnevmoniya əlamətləri ilə Şelехov şəhərində xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra süni tənəffüs aparatına qoşulan qadın daha sonra həyatını itirib.

Mətbuatda yayılan məlumata görə, qadın həkimlərə laboratoriyada nümunələr götürərkən canlı bakteriya olan sınaq şüşəsini təsadüfən sındırdığını deyib. Hadisənin onun yoluxmasına səbəb olub-olmadığı araşdırılır. Bəzi mənbələr söhbətin ağciyər taunundan getdiyini bildirsə də, rəsmi açıqlamalarda xəstəliyin konkret forması göstərilməyib.

Buryatiya rəhbəri Aleksey Tsıdenov qadının taundan öldüyünü təsdiqləyib. İrkutsk vilayətinin qubernatoru İqor Kobzev isə bütün müəyyən edilmiş təmaslı şəxslərin tibbi müşahidəyə götürüldüyünü açıqlayıb.

Məlumata görə, ən azı 197 nəfər təcrid edilib, onların 100-dən çoxu xəstəxanalarda yerləşdirilib. Şelехov rayon xəstəxanası karantinə bağlanıb. Regional hakimiyyət orqanları hazırda müşahidədə olan şəxslərdə xəstəlik əlamətlərinin aşkarlanmadığını və aparılan laborator analizlərin mənfi nəticə verdiyini bildiriblər.