1993-cü il müqaviləsi Nvidia-da milyard dollarlıq mübahisə yaradıb

1993-cü il müqaviləsi Nvidia-da milyard dollarlıq mübahisə yaradıb

Fərid Əlizadə · Media ·

Nvidia-nın ilk illərində şirkətə texniki məsləhət verən proqramçı və virtual reallıq mütəxəssisi Erik Qulliksen 1993-cü ildə bağladığı səhm opsionu müqaviləsindəki uyğunsuzluq səbəbindən bu gün təxminən 1 milyard dollar dəyərində ola biləcək səhmlərdən məhrum qaldığını bildirib. Qulliksen həmin dövrdə Nvidia-nın Texniki Məsləhət Şurasının üzvü olub və şirkətin ilk məhsullarının hazırlanmasına texniki töhfə verib. Bu barədə Tom's Hardware məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, Qulliksenə 1993-cü ilin sentyabrında 25 min səhm opsionu təqdim olunub. Onun yayımladığı sənəddə bütün opsionların bir il ərzində mərhələli şəkildə qüvvəyə minməli olduğu göstərilir. Lakin Nvidia-nın 1996-cı ildə göndərdiyi məktubda cəmi 15 min 625 opsionun qüvvəyə mindiyi qeyd olunub. Qulliksen hesab edir ki, qalan 9 min 375 opsion da ona məxsus olmalı idi.

1993-cü il müqaviləsi Nvidia-da milyard dollarlıq mübahisə yaradıb - Şəkil 1

Sonrakı səhm bölünmələri nəzərə alındıqda həmin 9 min 375 opsion təxminən 4,5 milyon müasir Nvidia səhminə bərabər olardı. Sentyabrın sonundakı səhm qiymətləri ilə bunun dəyəri təxminən 1 milyard dollar təşkil edir.

Qulliksen məsələni yalnız onilliklər sonra sənədləri yenidən nəzərdən keçirərkən aşkarladığını bildirib. O, hüquqşünaslarla birlikdə Nvidia ilə təxminən bir il yazışsa da, şirkət iddianın qanuni müddətinin keçdiyini əsas gətirərək razılaşma təklifini qəbul etməyib. Qulliksen məhkəməyə müraciət etməyi nəzərdən keçirsə də, vəkilləri iddianın müddət məhdudiyyəti səbəbindən böyük ehtimalla ilkin mərhələdə rədd ediləcəyini bildiriblər.

Məsələni mürəkkəbləşdirən əsas detal sənədlər arasındakı ziddiyyətdir. Censen Huanqın ilkin dəvət məktubunda opsionların dörd il ərzində qüvvəyə minəcəyi yazılıb, daha sonra imzalanmış opsion sənədində isə tam müddət bir il göstərilib. Nvidia məsələ ilə bağlı açıq şərh verməyib.