Qırğızıstan ilk dəfə milli peykini orbitə göndərib

Qırğızıstan ilk dəfə milli peykini orbitə göndərib

Aytac Dəniz · Media ·

Qırğızıstanın ilk milli süni peyki ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmik Qüvvələr Bazasından orbitə buraxılıb. Aparat SpaceX şirkətinə məxsus Falcon 9 daşıyıcı raketi vasitəsilə kosmosa göndərilib. Buraxılış mərasimində Qırğızıstan Prezidenti Sadır Japarov da iştirak edib. Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, peyk Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərinin birgə layihəsi çərçivəsində hazırlanıb və digər kosmik aparatlarla birlikdə orbitə çıxarılıb. Peykin idarə olunması Bişkekdə yerləşən Uçuşların İdarəetmə Mərkəzindən həyata keçiriləcək.

Yeni peykdən əldə olunan görüntü və məlumatların Qırğızıstanın dövlət rəqəmsal sistemləri və superkompüter infrastrukturu ilə inteqrasiya olunması planlaşdırılır. Məlumatlardan buzlaqların, otlaqların, su ehtiyatlarının, meşələrin və digər təbii resursların monitorinqində istifadə ediləcək.

Peyk həmçinin qanunsuz faydalı qazıntı hasilatının müəyyənləşdirilməsi, torpaq və ekoloji vəziyyətin izlənilməsi, sel, sürüşmə, quraqlıq və meşə yanğınları kimi təbii fəlakətlərin proqnozlaşdırılması üçün istifadə olunacaq.

Layihə Qırğızıstanın milli kosmik imkanlarının yaradılması istiqamətində ilk böyük addım kimi qiymətləndirilir. Ölkə peyk məlumatlarından kənd təsərrüfatı, ekologiya, su ehtiyatlarının idarə olunması və fövqəladə hallara hazırlıq sahələrində istifadə etməyi planlaşdırır.