Albaniyanın Baş naziri Edi Rama Rusiyanın Qərbi Balkanlar üçün real təhlükə yaratdığını bildirib, lakin Çin və Türkiyənin regiondakı təsiri ilə bağlı narahatlıqları bölüşmədiyini deyib. Rama bu fikirləri Almaniyanın Die Welt nəşrinə müsahibəsində səsləndirib. Bu barədə Die Welt məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Rama Çinin Qərbi Balkanlarda imperiya qurmaq niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, Çin artıq beynəlxalq sistemin bir reallığıdır və region ölkələri də digər dövlətlər kimi Pekinlə münasibətlərini bu çərçivədə qurmalıdırlar.
Albaniya hökumətinin başçısı Türkiyənin də Qərbi Balkanlar üçün təhlükə yaratmadığını vurğulayıb. Rama Ankaranın regiondakı fəaliyyətini sabitlik və sülhə yönəlmiş qardaşcasına iştirak kimi xarakterizə edib.
Rama bunun əksinə olaraq Rusiyanın regiondakı təsirini ciddi təhlükəsizlik problemi kimi qiymətləndirib. O, Qərbi Balkanlarda geosiyasi boşluqların yaranmasının Moskva və digər destabilizasiyaedici qüvvələr üçün əlavə imkanlar aça biləcəyini bildirib.
Albaniya uzun müddətdir Avropa İttifaqına üzvlüyü əsas strateji məqsədlərindən biri kimi təqdim edir. Rama müsahibədə də regionun sabitliyi üçün Qərbi Balkan ölkələrinin Avropa strukturlarına daha sürətli inteqrasiyasının vacibliyini vurğulayıb.
