Almaniya kansleri Fridrix Merts gözlənilmədən Kiyevə səfər edərək Berlinin Ukraynaya dəstəyinin davam edəcəyini bildirib. Səfər çərçivəsində Almaniyanın Ukraynaya 1 milyard avro hərbi yardım və enerji infrastrukturunun bərpası üçün əlavə 350 milyon avro ayıracağı açıqlanıb. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Merts Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşərək iki ölkə arasında dronların birgə istehsalına dair razılaşmanın yekunlaşdırılması üzərində işləyəcək. Layihənin müxtəlif tipli pilotsuz uçuş aparatlarının, o cümlədən sürətli hücum dronlarına qarşı istifadə ediləcək tutucu sistemlərin istehsalını əhatə etməsi planlaşdırılır.
Mertsi səfərdə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayxe, həmçinin Siemens Energy, Hensoldt, Diehl Defence və Quantum Systems kimi şirkətlərin rəhbərləri müşayiət edir. Almaniya və Ukrayna müdafiə sənayesi arasında əməkdaşlığın genişləndirilməsi səfərin əsas mövzularından biridir.
Almaniya kansleri Ukraynanın qarşıdakı həftələrdə əlavə dəstəyə ehtiyacı olduğunu bildirib. O, Rusiyanın Ukrayna şəhərlərinə, yaşayış binalarına və istilik infrastrukturuna hücumlarını əsas gətirərək Berlinin Kiyevə yardımı davam etdirəcəyini vurğulayıb.
Merts həmçinin Rusiyanın dayandırılmayacağı təqdirdə onun hərbi potensialının gələcəkdə Avropaya qarşı yönələ biləcəyi barədə xəbərdarlıq edib. O, Zelenskiyə Almaniyanın Ukraynaya siyasi, hərbi və iqtisadi dəstəyinin davam edəcəyini çatdıracağını bildirib.
