İrlandiya və İsrail milli komandaları arasında UEFA Millətlər Liqasının Serbiyada keçiriləcək oyunu öncəsi təşkil olunan mətbuat konfransı israilli jurnalistlərin suallarından sonra vaxtından əvvəl dayandırılıb. İrlandiya Futbol Assosiasiyasının nümayəndələri səsləndirilən ittihamlardan birini “tamamilə həqiqətə uyğun olmayan yalan” adlandırıblar. Bu barədə Ajansspor və The Irish Times məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, israilli jurnalistlərdən biri İrlandiya millisinin baş məşqçisi Heymir Hallqrimssondan Flydubai reysində baş vermiş hücum hadisəsi ilə bağlı sual verərək bunu daha geniş ideoloji kontekstlə əlaqələndirməyə çalışıb. FAI-nin mətbuat katibi sualı dayandıraraq yalnız futbol mövzusunda sualların qəbul ediləcəyini bildirib.
Daha sonra başqa bir israilli jurnalist İrlandiya futbolçularının əvvəlki qarşılaşmada İsrail oyunçularını “meymun” adlandırdığını iddia edib. FAI nümayəndəsi bu ittihama dərhal etiraz edərək onun tamamilə yalan olduğunu bildirib. Tərəflər arasında sözlü mübahisədən sonra mətbuat konfransı dayandırılıb.
Gərginlik komandaların bir neçə gün əvvəl Macarıstanın Debretsen şəhərində keçirilmiş və İrlandiyanın 3:0 hesabı ilə qalib gəldiyi ilk görüşdən sonra daha da artıb. Həmin qarşılaşmada irlandiyalı futbolçular Qəzza münaqişəsində həyatını itirənlərin xatirəsinə qara sarğı taxmış, oyunöncəsi ənənəvi əl sıxma mərasimi isə keçirilməmişdi.
Eyni zamanda, həmin oyundan yayılan görüntülərdə israilli azarkeşlərin qaradərili irlandiyalı futbolçuya qarşı meymun səsləri çıxardığı iddia olunub. FAI məsələ ilə bağlı araşdırma aparıldığını bildirib, UEFA isə epizod üzrə ayrıca intizam araşdırmasına başlamayıb.
İrlandiya millisinin baş məşqçisi Hallqrimsson daha sonra baş verənləri israilli jurnalistlərin “şifahi hücumu” kimi xarakterizə edib. O, komandanın bütün siyasi və emosional gərginliyə baxmayaraq diqqətini qarşıdakı oyuna yönəltməyə çalışdığını bildirib.
