Birləşmiş Ərəb Əmirliklərinin “Mançester Siti”nin Premyer Liqanın maliyyə qaydalarını pozmaqda təqsirli bilinməsindən sonra Böyük Britaniyaya gələcək milyardlarla funt sterlinqlik investisiyaları yenidən nəzərdən keçirə biləcəyi bildirilir. Məsələ xüsusilə Britaniyanın Oksford-Kembric texnologiya dəhlizi üçün cəlb etməyə çalışdığı özəl sərmayələrlə bağlıdır. Bu barədə The Telegraph məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Britaniya hökuməti Oksford və Kembric arasında iri texnologiya və innovasiya mərkəzinin yaradılması üçün təxminən 10 milyard funt sterlinq özəl investisiya cəlb etməyə çalışır. Məlumata görə, Əbu-Dabi “Mançester Siti” ilə bağlı qərardan sonra bu və digər gələcək investisiya imkanlarına münasibətini dəyişə bilər.
Məsələ Böyük Britaniyanın Baş naziri Endi Börnhama da siyasi təzyiqi artırıb. Börnham əvvəlcə klubun BƏƏ-dən olan sahiblərinin Mançesterin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirərək onların klubu satacağı halda bundan ciddi narahat olacağını demişdi. Daha sonra Baş nazirin ofisi heç bir klubun qaydalardan üstün olmadığını və müstəqil prosesin nəticələrinə hörmət edilməli olduğunu açıqlayıb.
“Mançester Siti” müstəqil komissiya tərəfindən Premyer Liqanın irəli sürdüyü 115 ittihamdan biri istisna olmaqla digərləri üzrə təqsirli bilinib. İttihamlar arasında gəlirlərin süni şəkildə artırılması, xərclərin düzgün göstərilməməsi və saxta kommersiya müqavilələrindən istifadə edilməsi də yer alır.
Şeyx Mənsura məxsus klub qərarla razılaşmadığını bildirib və apellyasiya şikayəti verib. Klubun hansı sanksiyalarla üzləşəcəyi hələ müəyyən edilməyib. BƏƏ-nin Britaniyadakı investisiyalarını azaltması ilə bağlı isə indiyədək açıq rəsmi qərar elan olunmayıb.
