Rusiya banklarının saytları artıq xarici brauzerlərdə açılmır

Rusiya banklarının saytları artıq xarici brauzerlərdə açılmır

Fərid Əlizadə · Media ·

Rusiyanın bəzi banklarının saytlarına xarici brauzerlər vasitəsilə girişdə problemlər yaranıb. İstifadəçilərə həmin resursların potensial təhlükəli və ya saxta sayt ola biləcəyi barədə xəbərdarlıq göstərildiyi bildirilir.

Redaksiya xəbər verir ki, problem bankların xarici SSL sertifikatlarının ləğvindən sonra yaranıb. Hazırda bəzi saytlar Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyinin Milli Sertifikatlaşdırma Mərkəzi tərəfindən verilmiş sertifikatlardan istifadə edir.

Bu sertifikatlar “Chrome”, “Safari”, “Opera” və “Edge” kimi xarici brauzerlərin standart etibarlı sertifikat siyahısına daxil edilmədiyi üçün saytların təhlükəsizliyi avtomatik təsdiqlənmir. Nəticədə brauzerlər istifadəçilərə bağlantının məxfi olmadığını bildirən xəbərdarlıq təqdim edirlər.

Bank saytlarına daxil olmaq üçün istifadəçilərin xəbərdarlıq pəncərəsində riski qəbul edərək keçidi davam etdirməsi və ya Rusiya istehsalı olan brauzerlərdən istifadə etməsi təklif olunur. Bununla yanaşı, təhlükəsizlik mütəxəssisləri belə xəbərdarlıqları keçməzdən əvvəl saytın ünvanının düzgünlüyünü yoxlamağı tövsiyə edirlər.