“Airbus”un “A350-1000ULR” sınaq təyyarəsi Melburndan Tuluzaya 24 saat 24 dəqiqə davam edən fasiləsiz uçuş həyata keçirib. Təyyarə 23 min kilometrdən çox məsafə qət edərək bu model üzrə ən uzun uçuş göstəricisini qeydə alıb. Bu barədə “Airbus” məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, uçuş sərnişin reysi deyil, təyyarənin texniki imkanlarını yoxlamaq məqsədilə həyata keçirilən inkişaf sınağı olub. Göyərtədə “Airbus”un sınaq heyəti və “Qantas” nümayəndələri yer alıb.
“A350-1000ULR” əlavə 20 min litrlik yanacaq çəni ilə təchiz olunub. Təyyarənin gələcək kommersiya reyslərində 22 saatadək fasiləsiz uçması və 238 sərnişin daşıması nəzərdə tutulur.
“Qantas” “Project Sunrise” proqramı çərçivəsində bu modeldən 12 ədəd sifariş edib. İlk təyyarənin 2027-ci ilin aprelində aviaşirkətə təhvil verilməsi planlaşdırılır.
Sidneydən Londona gündəlik birbaşa uçuşların 2027-ci ilin oktyabrında başlanması gözlənilir. Sidneylə Nyu-York arasında fasiləsiz reyslərin başlama tarixi isə daha sonra açıqlanacaq.
