ABŞ-ın 2025-ci ildə Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 153 mülki şəxs həlak olub, 250-yə yaxın insan isə yaralanıb. Məlumat Pentaqonun daxili hesabatında yer alıb. Bu barədə The Washington Post məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, sənəddə 2025-ci ilin aprelində həyata keçirilmiş üç zərbənin mülki əhaliyə zərər vurması ehtimalının yüksək olduğu bildirilib. ABŞ-ın Yəməndə keçirdiyi əməliyyatlar zamanı ümumilikdə azı min hədəfə zərbə endirilib.
Ən böyük itkilər aprelin 17-də Ras İsa limanına endirilən zərbə zamanı qeydə alınıb. Həmin hücum nəticəsində 80 mülki şəxs həlak olub, 171 nəfər yaralanıb. Aprelin 28-də həyata keçirilən digər zərbə nəticəsində isə 68 mülki şəxsin öldüyü bildirilir.
Pentaqon mülki şəxslərə mümkün zərərin dəydiyi daha 15 hadisəni araşdırmaqda davam edir. Qurum araşdırılması başa çatmış üç hadisə üzrə həlak olanların yaxınlarına kompensasiya ödənilməsini zəruri hesab etməyib.
