Konqo Demokratik Respublikasında hazırda davam edən Ebola epidemiyasının fevral ayında başladığı müəyyən edilib. Xəstəlik mayın 15-də rəsmən elan olunsa da, son araşdırmalar virusun bundan bir neçə ay əvvəl yayılmağa başladığını göstərir. Bu barədə Reuters məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, avqustun 11-nə olan məlumata əsasən, ölkədə 4 381 təsdiqlənmiş yoluxma halı və 2 011 ölüm qeydə alınıb. Epidemiya Bundibugyo ştammı ilə əlaqələndirilir və indiyədək qeydə alınmış ən sürətlə yayılan Ebola epidemiyalarından biri kimi qiymətləndirilir.
Məlumata görə, ölüm hallarının ilk min nəfərə çatması təxminən 9 həftə çəkib. Növbəti min ölüm isə cəmi 3 həftə ərzində qeydə alınıb ki, bu da epidemiyanın sürətlə genişləndiyini göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ilkin yoluxma hallarının bir hissəsi əvvəlcə malyariya və tif kimi xəstəliklərlə səhv salınıb. Bu isə epidemiyanın vaxtında aşkarlanmasını və qarşısının alınması tədbirlərinin başlanmasını gecikdirib.
