OpenAI və Apple əməkdaşlığı gözləntiləri doğrultmadı

OpenAI və Apple əməkdaşlığı gözləntiləri doğrultmadı

Fərid Əlizadə · Media ·

OpenAI Apple ilə ChatGPT inteqrasiyası üzrə razılaşmadan narazı qalıb və şirkətə qarşı mümkün hüquqi addımları nəzərdən keçirir.

Redaksiya xəbər verir ki, OpenAI xarici hüquq firması ilə məsləhətləşmələr aparır. Müzakirə olunan variantlar arasında Apple-a müqavilə öhdəliklərinin pozulması barədə rəsmi bildiriş göndərilməsi də var.

Məlumata görə, OpenAI 2024-cü ildə elan olunan ChatGPT inteqrasiyasının Apple ekosistemində daha geniş görünürlük, daha çox istifadəçi və abunəçi gətirəcəyini gözləyirdi. Lakin şirkət hesab edir ki, ChatGPT-nin Siri və Apple Intelligence daxilində təqdimatı gözlənilən nəticəni verməyib.

OpenAI-nin narazılığı Apple-ın əməkdaşlığa kifayət qədər prioritet verməməsi ilə əlaqələndirilir. Şirkət Apple-ın ChatGPT inteqrasiyasını istifadəçilər üçün kifayət qədər görünən və aktiv formada təqdim etmədiyini düşünür.

Apple isə son aylarda Google-un Gemini və Anthropic-in Claude modelləri ilə də inteqrasiya imkanlarını sınaqdan keçirir. Bu, iPhone istifadəçilərinə gələcəkdə bir neçə Sİ, yəni süni intellekt modeli arasında seçim imkanı verilə biləcəyi barədə müzakirələri artırıb.

Hələlik OpenAI Apple-a qarşı rəsmi məhkəmə iddiası qaldırmayıb. Mümkün hüquqi addımların OpenAI-nin İlon Maskla davam edən məhkəmə prosesindən sonra atıla biləcəyi bildirilir.