İsrail Baş nazirinin ofisi Avropa İttifaqının israilli vətəndaşlara qarşı sanksiya qərarını sərt tənqid edib.
Redaksiya “The Times of Israel” və Reuters-ə istinadla xəbər verir ki, bəyanat Aİ xarici işlər nazirlərinin İordan çayının qərb sahilində zorakılıqda ittiham olunan bəzi israilli sakinlərə və təşkilatlara qarşı sanksiyaları təsdiqləməsindən sonra yayılıb.
Netanyahu ofisi bildirib ki, İsrail və ABŞ İran və digər bölgələrdə “Avropanın çirkli işini görərək sivilizasiyanı cihadçı fanatiklərə qarşı müdafiə etdiyi” halda, Avropa İttifaqı israilli vətəndaşlarla HƏMAS üzvləri arasında “yanlış bərabərlik” yaratmaqla mənəvi iflasını göstərib.
Bəyanatda Avropa siyasətçilərinin radikal seçici qruplarının təzyiqi altında hərəkət etdiyi iddia olunub.
İsrail tərəfi Yəhudiya və Samariyada yaşayan yəhudilərə qarşı sanksiyaların qəbuledilməz olduğunu bildirib.
Netanyahu ofisi qeyd edib ki, Yəhudiya yəhudilərin tarixi kökünün olduğu yerdir və İsrail ata-baba torpaqlarında yaşamaq hüququnu qorumağa davam edəcək.
Bəyanatda Avropa İttifaqının israilli mülki şəxslərə sanksiya tətbiq etmək cəhdlərinin zəiflik əlaməti olduğu və nəticə verməyəcəyi vurğulanıb.
