Milyarderlər Z nəslindən olan övladlarının işsiz qalmasından qorxur

Milyarderlər Z nəslindən olan övladlarının işsiz qalmasından qorxur

Fərid Əlizadə · Media ·

ABŞ-də milyarder və multimilyoner ailələr Z nəslindən olan övladlarının iş tapmaq və iş yerini qorumaqda çətinlik çəkə biləcəyindən getdikcə daha çox narahat olurlar. Buna giriş səviyyəli vakansiyaların azalması, rəqabətin güclənməsi və süni intellektin əvvəllər yeni məzunların yerinə yetirdiyi tapşırıqları üzərinə götürməsi səbəb olur. Bu barədə Fortune məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ultra varlı ailələrlə işləyən maliyyə məsləhətçiləri xüsusilə 22-35 yaşlı gənclərin texnologiya, hüquq və səhiyyə kimi əvvəllər sabit hesab edilən sahələrdə iş tapmaq və həmin işləri qorumaqda çətinlik çəkdiyini bildirirlər.

Mütəxəssislərin sözlərinə görə, milyarderlərin əsas narahatlığı övladlarının maddi təminatsız qalması deyil. Onlar daha çox gənclərin karyera, şəxsi məqsəd, özünəinam və müstəqillik hissini itirə biləcəyindən ehtiyat edirlər.

Böyük mirasın gənclərin işləmək motivasiyasını zəiflədə biləcəyi də varlı ailələri düşündürən məsələlər sırasındadır. Buna görə bəzi ailələr sərvətin övladlara bir dəfəyə verilməsi əvəzinə təhsil, mentorluq və mərhələli miras modellərinə üstünlük verməyə başlayırlar.

Fortune qeyd edir ki, Z nəslinin özü də əmək bazarındakı dəyişikliklərə uyğunlaşmağa çalışır. Bir çox gənc ənənəvi korporativ karyera əvəzinə yaradıcı fəaliyyətə, istehsalata və texniki peşələrə yönəlir.