Almaniya Kansleri Fridrix Merts ABŞ-ın “Tomahawk” raketləri ilə bağlı imkanlarını məhdud hesab etdiyini bildirib. O, Vaşinqtonun hazırda bu tip silah sistemlərini təqdim etmək üçün real imkanlarının çox az olduğunu deyib.
Redaksiya Welt-ə istinadla xəbər verir ki, Merts amerikalıların hazırda özlərinin də kifayət qədər “Tomahawk” raketinə malik olmadığını vurğulayıb. Kanslerin sözlərinə görə, bu səbəbdən ABŞ-ın belə silah sistemlərini tərəfdaşlarına verməsi hazırkı şəraitdə demək olar ki, mümkün görünmür.
Açıqlama ABŞ-ın uzaqmənzilli silahların Avropada yerləşdirilməsi və müttəfiqlərə hərbi dəstək imkanları ilə bağlı müzakirələrin davam etdiyi vaxtda səslənib. “Tomahawk” raketləri uzaq məsafədəki hədəfləri vurmaq qabiliyyətinə görə NATO daxilində strateji çəkisi yüksək olan silah sistemlərindən sayılır.
Merts bildirib ki, mövcud vəziyyət Avropanın müdafiə sahəsində daha çox məsuliyyət götürməsi zərurətini yenidən gündəmə gətirir. Almaniya kansleri hesab edir ki, ABŞ-ın imkanları məhdudlaşdığı halda Avropa ölkələri öz müdafiə potensialını gücləndirməlidir.
