“Malaysia Airlines” aviaşirkətinin Kuala-Lumpurdan Cakartaya uçan reysinin pilotu İndoneziyada külli miqdarda narkotik maddə daşımaqda şübhəli bilinərək həbs edilib. Onun baqajından ümumi çəkisi 26 kiloqramdan çox olan ekstazi həbləri və metamfetamin aşkarlanıb.
Redaksiya xəbər verir ki, 39 yaşlı pilot Cakartanın Soekarno-Hatta Beynəlxalq Hava Limanında baqajın rentgen yoxlaması zamanı saxlanılıb. Polis çamadanda 14 bağlamaya yerləşdirilmiş 70 mindən çox ekstazi həbi və ayrıca metamfetamin paketi tapıldığını bildirib.
İndoneziya rəsmilərinin məlumatına görə, pilotun narkotik testinin nəticəsi metamfetamin, ekstazi və kokain üzrə müsbət çıxıb. Onun saxlanıldığı zaman Kuala-Lumpur–Cakarta istiqamətində MH727 reysində xidmət etdiyi qeyd olunur.
İstintaqın iddiasına əsasən, pilot narkotikləri Cakartaya çatdırmaq müqabilində 50 min Malayziya ringiti almalı idi. Şübhəlinin daha əvvəl də narkotik daşıdığını etiraf etdiyi bildirilir.
“Malaysia Airlines” hadisə ilə bağlı İndoneziya hakimiyyəti ilə əməkdaşlıq etdiyini və daxili araşdırmaya başladığını açıqlayıb. Pilot İndoneziyanın narkotiklərlə bağlı qanunvericiliyi əsasında ağır cəza ilə üzləşə bilər.
