Kiberhücumda 100 mindən çox britaniyalı polisin məlumatları sızıb

Kiberhücumda 100 mindən çox britaniyalı polisin məlumatları sızıb

Yulduz Səlimov · Media ·

Böyük Britaniyada 100 mindən çox polis əməkdaşı və hüquq-mühafizə sistemi işçisinin şəxsi məlumatları kiberhücumdan sonra darkvebdə yayımlanıb. Sızdırılan məlumatlar arasında adlar, əlaqə vasitələri və əməkdaşların xidmət yerlərinin olduğu bildirilir. Bu barədə “The Times” məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, hakerlər Polisin Milli Hüquqi Məlumat Bazasına müdaxilə ediblər. Hücumun “ExfilSquad” adlı kibercinayətkar qruplaşma tərəfindən həyata keçirildiyi iddia olunur.

Məlumata görə, hücumçular Böyük Britaniyanın Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Cinayətkarlıqla Mübarizə üzrə Milli Agentliyi və Kral Prokurorluğu Xidmətinə aid məlumatlara da çıxış əldə ediblər. Hadisənin dəqiq miqyası və bütün məlumatların eyni hücum zamanı ələ keçirilib-keçirilmədiyi araşdırılır.

Kiberhücumdan zərər çəkən polis əməkdaşlarından biri məxfi məlumatların yayılmasının ciddi narahatlıq yaratdığını və xüsusilə həssas cinayət işlərində çalışan əməkdaşların təhlükəsizliyini riskə atdığını bildirib.

Britaniya rəsmilərinin məlumatların yayılmasının qarşısını almaq, zərər çəkən əməkdaşları müəyyənləşdirmək və sistemlərdəki təhlükəsizlik boşluqlarını aradan qaldırmaq üçün araşdırma apardıqları qeyd olunur.