İran əməliyyatlarından qayıdan gəmidə böhran üzə çıxıb

İran əməliyyatlarından qayıdan gəmidə böhran üzə çıxıb

Vüsal Şahbazov · Media ·

ABŞ Hərbi Dəniz Qüvvələrinin USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupunda uzunmüddətli yerləşdirmə zamanı səkkiz hərbçinin intihara cəhd etdiyi açıqlanıb. Hadisələr zamanı heç bir hərbçi həyatını itirməyib. Bu barədə The Hill məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələri katibi vəzifəsini icra edən Hunq Kao bu rəqəmi senator Kirsten Gillibranda ünvanladığı məktubda açıqlayıb. Məlumata görə, səkkiz hadisə yalnız aviadaşıyıcının heyətini deyil, onun hava qanadı, müşayiət edən esmineslər və zərbə qrupunun digər bölmələrini də əhatə edir.

USS Abraham Lincoln 2025-ci ilin noyabrında başlayan yerləşdirmə çərçivəsində 286 gün ərzində tammiqyaslı liman dayanacağı olmadan dənizdə qalıb və bu müddətin böyük hissəsində İrana qarşı ABŞ hərbi əməliyyatlarında iştirak edib. Avqustda bir hərbçi gəmidən dənizə düşüb və xilas edilib, martda isə başqa bir hərbçinin dənizə atılmasının qarşısı ekipaj üzvləri tərəfindən alınıb.

Kao gəmidə təchizatla bağlı çətinliklərin də yaşandığını təsdiqləyib. Bir müddət əsas yemək seçimlərinin sayı ikidən birə endirilib. Bununla yanaşı, boru sistemlərində nasazlıqlar və dəniz suyunu şirin suya çevirən qurğularda müvəqqəti problemlər qeydə alınıb. ABŞ Hərbi Dəniz Qüvvələri buna baxmayaraq ekipaja gündə dörd balanslaşdırılmış yemək verildiyini bildirib.

ABŞ rəsmiləri aviadaşıyıcı qrupunun döyüş tapşırıqlarını yerinə yetirməsini yüksək qiymətləndiriblər. Hunq Kao heyətin ağır şəraitdə yüksək dözümlülük nümayiş etdirdiyini bildirib. Eyni zamanda, gəmidəki yaşayış şəraiti və hərbçilərin psixoloji vəziyyəti ilə bağlı məsələlər Konqresdə araşdırma mövzusuna çevrilib.