ABŞ və Çin Busan razılaşmasını yanvaradək uzadıb

ABŞ və Çin Busan razılaşmasını yanvaradək uzadıb

Fərid Əlizadə · Media ·

ABŞ və Çin ticarət gərginliyini azaltmağa yönəlmiş Busan razılaşmasının müddətini uzatmaq barədə razılığa gəliblər. Razılaşma noyabrın 10-da başa çatmalı idi, lakin yeni qərara əsasən yanvarın 10-dək qüvvədə qalacaq. Bu barədə ABŞ maliyyə naziri Skott Bessent Fox News-a açıqlamasında bildirib.

Redaksiya istinadla xəbər verir ki, Bessent qərarın Çin Baş nazirinin müavini He Lifenglə keçirilən danışıqlardan sonra qəbul edildiyini deyib. Onun sözlərinə görə, tərəflər yalnız ayrı-ayrı məsələləri deyil, daha geniş iqtisadi razılaşmanı müzakirə etmək üçün əlavə vaxt qazanmaq istəyirlər.

Busan razılaşması 2025-ci ilin oktyabrında APEC sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Tsinpin arasında əldə olunmuş ticarət atəşkəsi kimi tanınır. Saziş tariflər, ixrac məhdudiyyətləri və digər iqtisadi tədbirlər fonunda iki ölkə arasındakı gərginliyi azaltmağa yönəlib.

Yeni uzadılma Vaşinqton və Pekinə daha geniş ticarət sazişi üzrə danışıqları davam etdirmək üçün əlavə iki ay vaxt verir. Tərəflər arasında kənd təsərrüfatı məhsulları, strateji xammal, ixrac nəzarəti və texnologiya sahəsində fikir ayrılıqları qalır.