Ağ Ev CNN, POLITICO və MS NOW-un girişini bərpa edib

Ağ Ev CNN, POLITICO və MS NOW-un girişini bərpa edib

Könül Məmmədova · Media ·

Ağ Ev CNN, POLITICO və MS NOW jurnalistlərinin kompleksə giriş imkanlarının bərpa edildiyini bildirib. Bundan əvvəl federal məhkəmə Tramp administrasiyasına üç media qurumunun jurnalist akkreditasiyalarını dərhal bərpa etməyi tapşırmışdı. Bu barədə ABŞ mediası məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, ABŞ federal hakimi Timoti Kelli CNN, MS NOW və POLITICO-nun Ağ Evə girişinin məhdudlaşdırılmasını müvəqqəti olaraq dayandırıb. Məhkəmə jurnalistlərin akkreditasiyalarının ləğvi zamanı konstitusion prosedur tələblərinin kifayət qədər təmin edilmədiyi qənaətinə gəlib.

Donald Tramp sentyabrın 18-də həmin media qurumlarını qərəzli və saxta xəbərlər yaymaqda ittiham edərək onların Ağ Evə girişinin qadağan olunduğunu açıqlamışdı. Bundan sonra jurnalistlərin daimi giriş kartları ləğv edilmişdi.

Məhkəmə qərarından dərhal sonra üç media qurumu bəzi jurnalistlərinin yenidən Ağ Evə buraxılmadığını bildirmişdi. Sonrakı mərhələdə isə Ağ Ev onların giriş imkanlarının bərpa edildiyini açıqlayıb. Məhkəmənin tətbiq etdiyi müvəqqəti qərar 14 gün qüvvədə olacaq.