Dövlət başçısı cənab İlham Əliyevin bu günlərdə Qırğızıstana dövlət səfəri siyasi və iqtisadi nəticələri ilə yanaşı, humanitar əməkdaşlığın inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində humanitar əlaqələrin genişləndirilməsi iki ölkə arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edən əsas istiqamətlərdən biri kimi qiymətləndirildi. Prezident İlham Əliyev Qarabağın bərpasına göstərdiyi dəstəyə görə Qırğızıstana minnətdarlığını ifadə etdi. Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin istifadəyə verilməsi qardaşlığın və həmrəyliyin parlaq nümunəsi kimi dəyərləndirildi. Bu məktəb təkcə təhsil müəssisəsi deyil, həm də Azərbaycan və Qırğızıstan xalqları arasında dostluğun rəmzidir.
Qarabağın yenidən qurulması prosesində belə layihələrin həyata keçirilməsi türk dövlətlərinin bir-birinə verdiyi mənəvi dəstəyi nümayiş etdirir. Səfər zamanı Çingiz Aytmatovun xatirəsinə göstərilən ehtiram da xüsusi diqqət çəkdi. Bakıda böyük yazıçının abidəsinin və adını daşıyan parkın yaradılması ortaq mədəni irsə verilən yüksək qiymətin ifadəsidir. Bu addımlar Azərbaycan ilə Qırğızıstan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. Humanitar əməkdaşlıq xalqlar arasında qarşılıqlı etimadın və anlaşmanın formalaşmasında mühüm rol oynayır.
Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günlərinin keçirilməsi iki xalqın bir-birinin milli-mənəvi dəyərlərini daha yaxından tanımasına şərait yaradır. Ortaq tarix, dil və mədəni köklər bu münasibətlərin daha da inkişaf etməsinə güclü zəmin yaradır. Humanitar diplomatiya siyasi və iqtisadi əməkdaşlığı tamamlayan vacib istiqamət kimi çıxış edir. Məhz bu cür layihələr Azərbaycan ilə Qırğızıstan arasında strateji tərəfdaşlığın sosial və mənəvi əsaslarını daha da möhkəmləndirir. Nəticə etibarilə, Ölkə başçısının dövlət səfəri göstərdi ki, humanitar əməkdaşlıq iki qardaş ölkənin münasibətlərində uzunmüddətli inkişafı təmin edən əsas amillərdən biri olaraq qalır.
Rəna İmanzadə
Neftçala rayonu
