İldə iki dəfə vurulan lenakapavir preparatının HİV-dən qorunmada yüksək nəticə göstərməsinə baxmayaraq, onun qiyməti və əlçatanlığı ilə bağlı mübahisələr yaranıb. ABŞ-də bir dozanın qiymətinin təxminən 14 min dollar olduğu, klinik sınaqların keçirildiyi bəzi Latın Amerikası ölkələrinin isə güzəştli proqramdan kənarda qaldığı bildirilir. Bu barədə “Business Insider” məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, “Gilead Sciences” 120 aşağı və orta gəlirli ölkədə preparatın generik versiyalarının bir dozasını təxminən 40 dollara təqdim etmək üçün lisenziya razılaşmaları bağlayıb. Lakin Braziliya, Meksika, Argentina və Peru yuxarı-orta gəlirli ölkələr kimi təsnif edildiyindən həmin güzəştdən yararlana bilmir.
Braziliya rəsmiləri “Gilead”ın ölkədən İndoneziya və Tailand üçün nəzərdə tutulan qiymətdən təxminən on dəfə artıq məbləğ tələb etdiyini bildiriblər. Şirkət isə konkret qiyməti açıqlamadan Latın Amerikası hökumətləri ilə birbaşa danışıqlar apardığını və preparatın daha geniş əlçatanlığı üçün işlədiyini qeyd edib.
Məsələ Rio-de-Janeyroda keçirilən Beynəlxalq QİÇS Cəmiyyətinin konfransında etirazlara səbəb olub. Fəallar preparatın qiymətinin aşağı salınmasını tələb edib, BMT-nin HİV/QİÇS üzrə Birgə Proqramı isə Braziliyanın bir ildən çoxdur şirkətlə razılığa gələ bilmədiyini açıqlayıb.
Lenakapavir vaksin deyil, təmasdan əvvəl profilaktika məqsədilə istifadə olunan uzunmüddətli preparatdır. Onun geniş tətbiqinə yüksək qiymətlə yanaşı, istehsal gücünün məhdudluğu da mane olur. Hazırda inkişaf etməkdə olan ölkələrdə preparatdan 250 mindən az insanın istifadə etdiyi, beynəlxalq qurumların isə bu göstəricinin üç il ərzində 20 milyona çatdırılmasını istədiyi bildirilir.
