Google yeni 24/7 çalışan Gemini Spark köməkçisini hazırlayır

Google yeni 24/7 çalışan Gemini Spark köməkçisini hazırlayır

Fərid Əlizadə · Media ·

Google-un “Gemini Spark” adlı yeni rəqəmsal köməkçi sistemi üzərində işlədiyi bildirilir.

Redaksiya ShiftDelete-ə istinadla xəbər verir ki, Gemini Spark klassik səsli köməkçilərdən fərqli olaraq daim aktiv çalışan agent sistemi kimi hazırlanır. Sistem istifadəçinin tapşırıqlarını izləyə, planlaşdıra və müəyyən prosesləri avtomatik yerinə yetirə biləcək.

Məlumata görə, Gemini Spark Gmail, Google Calendar, Chrome və Google Drive kimi xidmətlərlə birbaşa inteqrasiya olunacaq. Məqsəd istifadəçinin gündəlik rəqəmsal fəaliyyətlərini mərkəzləşdirilmiş şəkildə idarə edən proaktiv köməkçi yaratmaqdır.

Bildirilir ki, sistem yalnız əmrləri icra etməyəcək, həm də konteksti yadda saxlayaraq uzunmüddətli tapşırıqları davam etdirə biləcək. Bu yanaşma OpenAI, Anthropic və digər texnologiya şirkətlərinin agent sistemləri ilə rəqabət kimi qiymətləndirilir.

Google son aylarda Gemini ekosistemini sürətlə genişləndirir və şirkətin yeni layihəsi rəqəmsal agent texnologiyalarına keçid strategiyasının bir hissəsi hesab olunur.

Hazırda Gemini Spark barədə bütün texniki detalları açıqlanmayıb və təqdimat tarixi rəsmi şəkildə elan edilməyib.