Ermənistanın Rusiya vətəndaşları üçün viza rejimi tətbiq edə və Avropa İttifaqının Moskvaya qarşı sanksiyalarına qoşula biləcəyi iddia olunur. Sosial şəbəkələrdə yayılan məlumatlarda Brüsselin belə bir qərarın qəbuluna nail olmaq üçün İrəvana təzyiqi gücləndirməyi planlaşdırdığı bildirilir.
Redaksiya xəbər verir ki, Ermənistan və Avropa İttifaqının rəsmi qurumları rusiyalılar üçün viza tətbiq edilməsi barədə qərar və ya konkret danışıqlar elan etməyiblər. Ermənistan Xarici İşlər Nazirliyinin qüvvədə olan məlumatlarında Rusiya vətəndaşları üçün vizasız giriş rejiminin ləğv olunduğu göstərilmir.
Avropa İttifaqının Rusiyaya qarşı son sanksiya paketində əsasən enerji, maliyyə, ticarət və hərbi-sənaye sahələrinə məhdudiyyətlər nəzərdə tutulub. Sənəddə Rusiya ordusunun döyüşçüləri və keçmiş hərbçiləri üçün viza qadağasının hüquqi əsasının yaradıldığı bildirilsə də, Ermənistanın bütün Rusiya vətəndaşlarına viza tətbiq etməsi barədə tələb açıqlanmayıb.
İrəvan son dövrdə Avropa İttifaqı ilə siyasi və iqtisadi əlaqələri genişləndirir, Rusiya ilə münasibətlərində isə müəyyən gərginlik müşahidə olunur. Bununla belə, viza rejiminin dəyişdirilməsi barədə yayılan məlumat hazırda rəsmi təsdiqini tapmayıb.
