“DeepSeek” ən ucuz böyük Sİ modelini təqdim edib

“DeepSeek” ən ucuz böyük Sİ modelini təqdim edib

Fərid Əlizadə · Media ·

Çinin “DeepSeek” şirkəti V4-Flash adlı yeni süni intellekt modelini təqdim edib. Modelin hazırda geniş tanınan böyük Sİ sistemləri arasında istifadəsi ən ucuz variant olduğu bildirilir. Bu barədə “Quartz” məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, “Artificial Analysis” şirkətinin hesablamalarına əsasən, V4-Flash-ın bir sınaq tapşırığını yerinə yetirməsi təxminən 3 sentə başa gəlir. Müqayisə üçün, “Moonshot AI” şirkətinin Kimi K3 modeli 86 sentə, OpenAI-ın GPT-5.6 Sol modeli 1,86 dollara, “Anthropic”in Claude Fable 5 modeli isə 3,15 dollara işləyir.

“DeepSeek”in açıqladığı tarifə görə, V4-Flash-da bir milyon giriş tokeninin emalı 14 sent, bir milyon çıxış tokeninin yaradılması isə 28 sentdir. Mütəxəssislər yalnız token qiymətinin deyil, tapşırığın düzgün həlli üçün tələb olunan ümumi əməliyyat sayının da xərclərə təsir etdiyini vurğulayırlar.

Performans göstəricilərinə görə, V4-Flash “Artificial Analysis”in 100 ballıq intellekt indeksində 50 bal toplayıb. Model “Google”un Gemini 3.6 Flash sistemi ilə eyni nəticə göstərsə də, Claude Opus 5, Claude Fable 5 və GPT-5.6 kimi daha güclü modellərdən ən azı 9 bal geri qalıb.

V4-Flash əsasən milyonlarla sorğunun emal olunduğu çatbotlar, proqramçı alətləri və avtomatlaşdırılmış ofis sistemləri üçün nəzərdə tutulub. Şirkətin daha güclü V4-Pro modelini də hazırladığı, lakin onun təqdimat tarixinin hələ açıqlanmadığı bildirilir.