Coca-Cola Atlantadakı innovasiya laboratoriyalarında restoranlar üçün yeni avtomatlaşdırılmış içki sistemlərini sınaqdan keçirir. Şirkət xüsusilə “dirty soda”, refresher və digər fərdiləşdirilmiş içkilərin hazırlanmasını sürətləndirməyə çalışır. Bu barədə CNBC məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, Coca-Cola Freestyle aparatlarının qazlı içkiləri müxtəlif siroplar, qaymaq və digər əlavələrlə birləşdirərək “dirty soda” hazırlamasına imkan verən yeni prototip üzərində işləyir.
Şirkət eyni zamanda refresher tipli içkilərin avtomatik hazırlanması üçün ayrıca dispenser sistemlərini də sınaqdan keçirir. Məqsəd restoranların daha geniş içki çeşidi təqdim etməsini asanlaşdırmaq və hazırlıq müddətini azaltmaqdır.
Coca-Cola restoranların öz brendi altında sata biləcəyi yeni içki formatları üzərində də işləyir. Bu yanaşma şirkətə ənənəvi qazlı içkilərdən kənarda yeni gəlir mənbələri yaratmağa imkan verə bilər.
Yeni məhsulların əsas hədəf auditoriyalarından biri Z nəslidir. Şirkət gənc istehlakçıların fərdiləşdirilə bilən, vizual baxımdan cəlbedici və sosial mediada paylaşmağa uyğun içkilərə marağının artdığını nəzərə alır.
