Çin-Nepal sərhədində yerləşən Gyirong sərhəd-keçid məntəqəsində güclü torpaq sürüşməsi nəticəsində çoxsaylı itkilərin olduğu və insanların itkin düşdüyü bildirilir. Bu barədə Çinin dövlət agentliyi Xinhua məlumat yayıb.
Redaksiya istinadla xəbər verir ki, sürüşmə avqustun 26-da yerli vaxtla təxminən saat 10:30-da Nepal tərəfdən başlayaraq Tibetin Şigatse şəhərinin Gyirong rayonunda yerləşən sərhəd-keçid məntəqəsinə çatıb.
Hadisə nəticəsində Çin tərəfində sərhədə aparan yollar, rabitə xətləri və elektrik təchizatı kəsilib. Hazırda ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Çin Prezidenti Si Cinpin itkin düşən şəxslərin tapılması üçün bütün imkanların səfərbər edilməsini və ikinci dərəcəli fəlakətlərin qarşısını almaq məqsədilə müşahidə tədbirlərinin gücləndirilməsini tapşırıb.
Hadisə eyni zamanda Nepalın sərhədə yaxın Rasuva rayonunda baş verən ölümcül sel daşqınları ilə üst-üstə düşüb. İlkin məlumatlara görə, həmin ərazidə ən azı 8-9 nəfər həlak olub və infrastruktur ciddi zərər görüb. Gyirong keçidi 2025-ci ildə də oxşar təbii fəlakətdən təsirlənmişdi. Hazırda ölən və itkin düşənlərin dəqiq sayı barədə məlumat məhduddur.
